Təmsil — epik növün ən qədim janrlarından biridir. Təmsil həcmcə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir. Təmsildə təbiət cismləri və heyvanlar şəxsləndirilir - insan kimi danışdırılır. Ədəbiyyatşünaslıqda buna təşxis deyilir.
Təmsil əxlaqi-tərbiyəvi və nəsihətli səciyyə daşıyır. Adətən, təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Məsələn, M.Ə.Sabir "Qarğa və tülkü" təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir bildirir:
Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı yəqin ki, yaltaqlar.
Təmsil əsasən nəzmlə yazılır. Dünya ədəbiyyatında nəsrlə yazılmış təmsillər də vardır.