Dəli Alı XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbay-candakı qaçaq hərəkatının ən mühüm simalarından biri olmuş, amma SSRİ dövründə tamamilə unutdurulmuşdur. Bu qəsdən unutdurulmanın səbəbi isə Dəli Alının öz dəstəsiylə birgə Gəncə və ətrafında baş vermiş erməni-müsəlman davasında yaxından iştirakı olub. Sovet ideologiyası həmin dövrün bu zəmində baş vermiş qırğınları üzərindən ya tam sükutla keçir, ya da onların baş vermə səbəblərini çar hökumətinin “parçala, hökm sür” siyasəti ilə əlaqələndirirdi. Sonradan sovet hakimiyyət qurumlarına da yol tapmış və “beynəlmiləlçilik” şüarı altında Azərbaycanın başına hələ çox müsibətlər gətirəcək erməni millətçilərinin əməllərini, Azərbaycan xalqını onlardan qoruyanların şücaətlərini isə danırdı. Bununla belə Gəncə və Gəncəbasar əhalisi Dəli Alını unutmadı, qəlbində yaşatdı, aşıqlar isə Aşıq Ələsgərin onun haqqında qoşduğu dastanı toylarda söylədilər.
Vüqar Dəmirbəyli, Azərbaycan mühacirlərinin bu el qəhrəmanı ilə bağlı SSRİ-nin süqutundan sonra işıq üzü görmüş xatirələrindən, onun haqqında xalq arasında deyilənlərdən, Azərbaycan və Rusiya arxivlərinin materiallarından bəhrələ-nərək, daha dərin araşdırmalar aparmağa, bununla da yeni tarixi romanında Dəli Alının dolğun ədəbi portretini yaratmağa və dövrün sərt simasını əks etdirməyə çalışmışdır.